Psixoloq Ramidə Oktayqızı: Zorakılığa məruz qalmış qadın bir çox hisdən məhrumdur
Qadınlara qarşı olan zorakılıq halları insan hüquqlarının ən geniş yayılmış pozuntularındandır. Bütövlükdə isə qəbul edilir ki, zorakılıq cəmiyyətin sağlamlığını da pis təsir göstərir.
Bəhs edilən mövzu ilə əlaqədar psixoloq
Ramidə Oktayqızı MediaPost-a müsahibə verib. Psixoloqun sözlərinə görə, zorakılıqdan əziyyət çəkmiş qadınların psixoloji portreti bir neçə mühüm keyfiyyətlərdən ibarətdir: İlk olaraq, bu məsələdə qadının imkanlarının devalvasiyası, sonradan isə ünsiyyət bacarıqlarının olmamasını müşahidə etmək olar.
Bu qadınlar özlərinin psixoloji, fiziki sərhədlərini aydın hiss edə bilmirlər, və ya insanlara çox tez inanmağa və açılmağa başlayırlar, ya da heç kimə inanmır və tamamilə qapalı olurlar.
Psixoloq Ramidə Oktayqızı həmçinin qeyd edib ki, çarəsizlik çox vaxt o qədər güclü hiss olur ki, qadın qərar qəbul edib, özünə qayğı göstərə və gələcəyinə dair planlar qurmağı bacarmır. Bütün bu hallar eyni zamanda depressiyaya və intihar əhval-ruhiyyəsinə gətirib çıxarır.
Ümumiyyətlə zorakılıq mahiyyətcə qorxuludur və buna görə də təəccüblü deyil ki, zorakılığa qurban gedənlər uzun müddət sonra da narahatlıq və eyni zamanda qorxu hissləri yaşamağa meylli olurlar. Zorakılıq bir hərəkət kimi real fiziki təhlükədir və qadının həyatı üçün təbii qorxuya səbəb olur.