2 Aprel- Dünya Autizm Məlumatlandırma Günü
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Autizm xəstəlik deyil, sadəcə bir fərqlilikdir. Onları da sevək və qəbul edək!
Bəs Autizm nədir?
Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər:Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.
Autizmin spektr pozuntuları:
- Autizm
- Asperger sindromu
- Rett sindromu
- Uşaqlıq dezinteqrativ pozuntusu
- Atipik autizm
Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır:
- Sosial münasibətlərdə pozğunluq
- Nitq və ünsiyyətdə pozğunluq
- Тəxəyyüldə pozğunluq
Autizmli uşaqlarin xüsusiyyətləri:
- Başqalarına qarşı maraqsızdır
- Göz təmasından qaçır
- Başqaları ilə ünsiyyət qurmur
- İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
- Digər uşaqlarla oynamır
- Uzun müddət ərzində eyni mövzu üzərində danışır
- Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
- Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
- Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur
Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixoloqa müraciət edin . Çünki ilkin diaqnoz çox önəmlidir.