Valideynlərin mübahisələrə müdaxiləsi

Valideynlərin mübahisələrə müdaxiləsi

Bəzən valideynlər ailədə uşaqlar arasındakı mübahisələrin həlli missiyasını öz üzərlərinə götürürlər. Bunu etmələrinin səbəbləri:
 
* övladları yola getmir və mübahisə edirlərsə, yaxşı valideyn olmadıqlarını, yanlış davrandıqlarını, öz vəzifələrinin öhdəsindən gəlmədiklərini düşünürlər;
* övladlarını barışdırmazlarsa, gələcəkdə onların bir-birini sevməyəcəyini, aralarında bağlılıq, yaxınlıq olmayacağını düşünürlər;
* övladlarının bir-birilə mehriban davranmaq istəmədiklərini və mehriban davranmağa məcbur edilməyəcəkləri təqdirdə, bir-birini öldürəcəklərini düşünürlər;
* incidilən övladlarının, yəni bir nəfərin qurban olduğunu düşünürlər və müdafiə proqramı işə düşür.
 
Uşaqların aləmində nələr baş verir:
 
Uşaqlar üçün valideynin mübahisəyə cəlb edilmədiyi aləm əlverişlidir. Axı çox vaxt mübahisənin məqsədi valideyni öz tərəfinə cəlb etmək, valideyn sevgisi ilə diqqəti uğrundakı mübarizədə qalib gəlməkdir. Lakin valideynin bu oyunlara qoşulmayacağı təqdirdə, mübahisələr tezliklə əhəmiyyətini itirir, uşaqlar istədiklərini əldə etmək üçün normal münasibətlər formalaşdırmağın, ümumi dil tapmağın, bir sözlə, bir-birilə yola getməyin daha əlverişli olduğunu anlayırlar.
 
İstənilən münaqişədə hər zaman iki tərəf iştirak edir və hər bir tərəfin öz rolu olur. İkinci tərəf mübarizə aparmaqdan imtina edərsə, mübahisə baş tutmaz. Münaqişə hər iki tərəfin mübarizə aparmağa razılaşdığı əməkdaşlığın foto-neqatividir. Hər iki uşaq münaqişədə fəal iştirak etmək qabiliyyətinə malikdirsə (ikisindən biri körpə deyil), deməli, hər birinin güzəştə gedib, münaqişəyə yol verməmək imkanı olduğu halda, hər ikisi də digər yolu – mübarizə yolunu seçmişlər.
 
Uşaqlardan biri böyük qardaşının və ya bacısının hücumlarına məruz qalan azyaşlıdırsa, bu, ümumilikdə valideynlərin mübaxiləsini tələb edən bir haldır. Lakin müdaxilə eddikdə, böyük qardaşın və ya bacının cəzalandırılması nəzərdə tutulmur. Valideynlər vəziyyəti aydınlaşdırmalı, uşaqlarda qısqanclıq hissi, diqqət çatışmazlığı və ya münasibətlərdə axsaqlıq kimi halların olub-olmadığını araşdırmalıdırlar.
 
Mübahisədə iki nəfər təqsirli olduğu üçün, birini cəzalandırıb, digərinin tərəfini tutmaqla, valideynlər ikinci uşaqda ədalətsizliyə qəzəb və kin kimi mənfi cəhətlərin yaranmasına yol açmış olurlar. Bu isə bacı-qardaş arasındakı gərginliyin daha da artmasına gətirib çıxarır.
 
Valideynin bir uşağın tərəfini tutması adət halına çevrilə bilər (çünki ikinci uşağın kin-küdurət və paxıllıq hissləri hər dəfəsinə daha da artacaq və o, daim «təqsirli» olaraq, damğalanmış hesab olunacaq, ailədə isə «əziz-xələf» və «təqsirli» kimi ayrıseçkilik yaranacaq). Valideynlərlə uşaqlar arasında koalisiyaların formalaşmasına yol açan bu tip mexanizmlər ailə üçün zərərli olub, normal zehni inkişafı və ədalətli yanaşmanı əngəlləyir.
 
Belə yanaşma müdafiə olunan uşaq üçün də zərərlidir, çünki o, mübahisəyə tövhəsini hiss edib, bir növ, canavar dərisində quzuya çevrilərək, digər insanlarla ünsiyyətdə də bu üsuldan daha çox yararlanmağa başlayır.
 
Ümumilikdə insanlar, xüsusən də uşaqlar arasında mübahisə və münaqişələr normal haldır. Valideynlərin reaksiyası uşaqların öz aralarındakı mübahisələri həll etməyi öyrənməsinə, yaxud da bütün ailənin münaqişəyə cəlb olunmaqla, uşaqlar arasında ömürlük düşmənçilik yaranmasına təsir göstərir.
 
Mübahisəli vəziyyətlərdə necə davranmanın, tərəf tutmamağın, müdaxilə etməməyin və eyni zamanda kömək etməyin yollarını növbəti paylaşımlarda müzakirə edəcəyik.
 
Bəs siz uşaqlarınızın mübahisələrinə müdaxilə edirsiniz?
Psixoloq Çinarə Həsənova

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.