RAMİDƏ OKTAYQIZI:”AİLƏLƏRDƏ HAZIRDA BİR SIRA DANIŞILMASI QADĞAN OLAN MƏSƏLƏLƏR VAR”
– Sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?
– İlk növbədə onu deyim ki, ailə psixoloqu kimi fəaliyyət göstərən mütəxəssisin yaşının 25-30 aralığından çox olması daha yaxşı olar. Ən azı ona görə ki, ailədə mövcud vəziyyət, yaranmış problemin təhlili və anlaşılmazlığın sonrakı nəticələrini düzgün analiz etmək və tərəflərə çatdırmaq psixoloq üçün əsas vəzifələrdəndir. Bütün bunlar üçün də müəyyən təcrübənin olması vacibdir. Məsələn, psixoloq ailənin funksiyasını bilməlidir ki, bunun avtoritet, avtoritar, demokratik, yoxsa liberal ailə olduğunu müəyyən edə bilsin. Ailədə valideynlərin xarakterləri öyrənilməli, bu ailəyə kənar müdaxilələrin olub-olmadığı aydınlaşıdırılmalı və bundan sonra nəticələrə uyğun iş aparılmalıdır. Burda ən önəmli məqam psixoloqun üçüncü tərəf kimi yox, mütəxəssis kimi işə yanaşmasıdır. Tərəfsiz olmaq və problemləri obyektiv təhlil etmək mümkün olduqda psixoloqun ailənin qorunub-saxlanmasındakı rolu böyük olur.
– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?
– Təbii ki, hər bir psixoloqun emosianal duyğuları, təlabatları var və bunların ödənilməsi çox vacibdir. Hər bir psixoloqun ildə ən azı 3-4 dəfə superviziya ehtiyacı olur ki, hər hansı hadisəni yaşayarkən yaranan çətinliyi aradan qaldıra bilsin. Amma ən əsas məqam odur ki, psixoloq özünü emosianal baxımdan qorumalıdır ki, hər hansı pasiyentin problemi onun həyatına təsir etməsin. Bu, psixoloqun etik kodeksinə daxildir, protokol qaydalarında da var ki, psixoloq məsələyə peşəsi yönündən baxmalıdır və emosialarını nəzarətdə saxlamağı bacarmalıdır.