Uşaqların məcburi əməyə cəlb edilməsi Cəmiyyətin görməzdən gəlməməli problemi

Uşaqların məcburi əməyə cəlb edilməsi Cəmiyyətin görməzdən gəlməməli problemi

Mövzu ilə bağlı Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı Olaylar.az-a açıqlama verib: " Uşaqların müdafiəsi ilə bağlı həm BMT-nin, həm də Azərbaycan Respublikasının qanunları mövcuddur. Belə ki, uşaqların yetkinlik yaşına çatmayana qədər onların işə cəlb olunması əmək müqaviləsi ilə nəzərdə tutulmayıb. Əgər onlar məcburi əməyə cəlb olunublarsa, cinayət işi açılması da mümkündür. Biz buna psixoloji aspektdən də nəzər yetirməliyik. İnsanlar 3 yaşında şəxsiyyət kimi inkişaf etməyə başlayır və artıq 18 yaşında öz şəxsi fikirlərini və əqidələrini əsas götürərək həyat fəaliyətlərinə müdaxilə edə bilirlər. Yəni, 18 yaşına çatmış yeniyetmə öz qərarlarını verə bilər və əmək fəaliyyətinə cəlb oluna bilər. Şəxsiyyətin formalaşmasında əgər biz 13-14-16 yaşlarında məcburi işə cəlb olunan uşaqları görürüksə, əlbəttə ki, hər hansı psixoloji problemlərin yaranmamasını qətiyyətlə demək olmaz. Bunun üçün uşaqların psixoloji durumları və dəstək mexanizmləri diqqət mərkəzində olmalıdır. Qeyd etmək istəyirəm ki, uşaqların erkən yaşda əməyə cəlb olunması hər zaman mənfi nəticələr doğurmur, amma bu, onlarda özgüvənin formalaşmamasına və başqası tərəfindən tez idarə olunma hisslərinə səbəb ola bilər. Bu şəraitdə uşaqlarda yetkinlik yaşına çatmadan hər hansı əməyə cəlb olunma ilə bağlı ciddi travmaların olub-olmamasını görmək mümkün olmaya bilər. Lakin diqqət edilməli məqam odur ki, uşaqların küçə həyatına, küçə bazarlarına alışdırılması, məcburi olma halları psixoloji travmalara yol aça bilər. Biz küçədə dilənən, pəncərə və ya şüşə silən, arabalarla məhsul daşıyan uşaqları gördükdə, onların da küçə həyatına meyl göstərdiyini, küçə psixologiyasına, kütlə psixologiyasına uyğunlaşdığını, bəzən tabe olmama və cinayətə cəlb olunma halları ilə qarşılaşdığımızı müşahidə edirik. Növbəti mərhələdə isə ailənin maddi çətinlikləri, ananın və ya atanın işləməməsi, xəstə və ya fiziki məhdudiyyətli olması kimi hallar uşaqların erkən əməyə cəlb olunmasına səbəb ola bilər. Bu halda travmadan danışmaq mümkün olmaya bilər, çünki artıq məcburiyyət mövcuddur. Ancaq uşaqların hansı işə cəlb olunması çox vacibdir. Adətən belə ailələrdə uşaqlar uşaq alverinin qurbanı ola bilirlər. Bizim əsas məqsədimiz bu uşaqları erkən aşkara çıxarmaq və dövlət tərəfindən, həmçinin digər insanlar tərəfindən onlara maddi və mənəvi dəstək göstərilməsini təmin etməkdir. Məcburi əməyə cəlb olunan uşaqların təhsildən yayılması halları da çox görülür. Onların təhsilə qayıtması təmin edilməlidir, çünki təhsil şəxiyyətin yetişməsində, gələcək həyatının təmin olunmasında və insan kimi formalaşmasında çox önəmli rol oynayır. Bu sahədə dövlətin sosial layihələrə cəlb olunması,  uşaqların könüllülük proqramlarına qoşulmaları, yaşlarına uyğun himayə mexanizmlərinin tətbiqi vacibdir. Hazırda dövlətin sosial xidmət mərkəzləri var ki, bu cür həssas qrupa aid uşaqlara psixoloji dəstək göstərilir. İlkin əməyə cəlb olunma, istər məcburi, istər könüllü olsun, bir sıra psixoloji nüanslar yarada bilər. Bu nüansların baş verməməsi üçün uşaqların daimi nəzarətdə saxlanılması və düzgün qiymətləndirilməsi çox önəmlidir". Uşaqların məcburi əməyə cəlb olunması yalnız fərdi ailə problemi deyil, bu, cəmiyyətin, dövlətin və hər bir vətəndaşın diqqət yetirməli olduğu geniş sosial məsələdir. Erkən yaşda ağır iş şəraitində böyüyən uşaqlar həm fiziki, həm də psixoloji olaraq zərər görür, təhsildən uzaqlaşır və gələcək həyatlarında məhdud imkanlarla üzləşirlər. Hüquqi məhdudiyyətlər və dövlət nəzarəti bu problemi azaltmağa çalışsa da, əsas məsuliyyət hər bir cəmiyyət üzvünün üzərinə düşür: uşaqları qorumaq, onların hüquqlarına hörmətlə yanaşmaq və gələcəyimizi təmin etmək.​​​​

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.